Teymur uduzdu, komandası məğlubiyyətləri sıraladı

ESTAFET/ FIDE-nin təşkil etdiyi onlayn şahmat üzrə Millətlər kubokunda ikinci oyun günü başa çatıb.
III turda Çin – Rusiya, Hindistan – Avropa və ABŞ – Dünya cütləri qarşılaşıb. Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz heç-heçə oynayıb.
Onun komanda yoldaşlarından Dinara Saduakasova İrina Kruşa uduzub. Bassam Amin Uesli So, Alireza Firuzya isə Lenyer Dominqeslə heç-heçə edib. Yekunda Dünya yığması 1,5:2,5 hesabı ilə məğlubiyyətlə üzləşib. Bu turda Avropa Hindistanı eyni hesabla məğlub edib, Çinlə Rusiya sülh bağlayıb – 2:2.
Günə IV turun qarşılaşmaları ilə yekun vurulub. Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbovun heyətində yer aldığı Dünya yığması Rusiya ilə görüşüb. Təmsilçimiz Yan Nepomnyaşi ilə üz-üzə gəlib.
İlk üç turda heç-heçələri sıralayan Teymur qara fiqurlarla oynadığı dueldən məğlub ayrılıb. Bu, onun turnirdə ilk məğlubiyyəti olub.
Rəcəbovun komanda yoldaşı Jorj Çori isə Sergey Karyakinə uduzub. Alireza Firuzyanın Vladislav Artemyev, Mariya Muziçukun Olqa Qirya ilə heç-heçələri isə məğlubiyyətdən qaçmağa kömək etməyib – 1:3.
Bununla da Dünya yığması günü iki məğlubiyyətlə yekunlaşdırıb.
IV turun digər oyunlarında Avropa ABŞ-a 3:1, Çin Hindistana 2,5:1,5 hesabı ilə qalib gəlib. Beləliklə, iki gündən sonra yarışa Çin liderlik edir – 7 xal. ABŞ və Avropa 5, Rusiya 4, Dünya 2, Hindistan 1 xala malikdir.
Qeyd edək ki, sabah Teymurun yer aldığı Dünya yığmasını liderlərlə çətin sınaqlar gözləyir. Onun komandası öncə Avropa, ardınca Çinlə görüşəcək.
