Azad Rəhimov Zirvə Toplantısında çıxış edib
ESTAFET/ Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovla yanaşı, Ukraynanın Gənclər və İdman Nazirinin müavini Maryna Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Maryna Korzh, Litavdan sərbəst təlimçi Laimonas Ragauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan, Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Günther və digər rəsmilər çıxış ediblər.
Nazir Azad Rəhimov çıxışında pandemiya dönəmində Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətin aktivləşdiyini ilk olaraq diqqətə çatdırıb.
Mövzuya dair çıxışının davamında Azad Rəhimov Azərbaycanın müharibə şəraitində olduğunu və 20% torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıraraq, konfliktlərin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirdi.
Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən Azad Rəhimov hər üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005-2009, 2011-2015 və hal hazırda icrası davam etməkdə olan “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı, 1995-ci ildən Nazirlik nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, “Heydər Əliyev Liderlik Məktəbi”, Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin aktivliyinin təmin edilməsi üçün yeni platformanın yaradılması” layihələri və digər mühüm işlərdən danışdı.
“Dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas faktordur. Bu səbəbdən qeyri-formal təhsilin bu dönəmdə əsas resurs olduğunu hesab edə bilərik. Bu gün ölkəmizdə 30 Gənclər evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Düşünürəm ki, siyasi dialoqun daha effektiv qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin 3 əsas istiqaməti kimi göstərilə bilər.”
Qeyd edək ki, “Gənclər ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?”, “Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?”, “Milli maraqlı tərəflər tərəfindən istifadə olunan vasitə və yanaşmalar hansılardır?”, “COVİD 19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafının bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?” sualları panelin əsas müzakirə mərkəzində olub.