“Fövqəladə vəziyyətlə üzləşmişik”: Maşurenko
ESTAFET/ Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ruslan Maşurenko Beynəlxalq Cüdo Federasiyasının saytına müsahibə verib. Təcrübəli mütəxəssis koronavirus pandemiyası dövründə yaranan durumdan danışıb, yığmadakı və Azərbaycan cüdosundakı vəziyyətdən bəhs edib.
- Bu müddətdə qidalanma necə idarə olunur? Nə isə dəyişib?
- Azərbaycan mətbəxi bütün dünyada məşhurdur. Yığmamızın üzvləri çalışırlar ki, öz üstünlük verdikləri kulinariyanı dəyişməsinlər. Əlbəttə, hamı ev yeməyini sevir. Amma idmançının həyat tərzi daim dünya üzrə səfərlərdə olmaq ehtimalından ibarətdir. Ona görə də yarışlar üçün hara getməyimizdən asılı olmayaraq, bizim idmançılar öz ənənəvi Azərbaycan mətbəxinə yaxın yeməklər axtarırlar. Bizim pəhriz pandemiya ilə bağlı ciddi dəyişməyib. Amma çəkisi həddə yaxın olan cüdoçular buna əməl etməli idi. Ümumilikdə isə karantinin yeməyimizə təsir etmədiyini demək olar.
- Belə çətin dövrdə psixoloji konsentrasiya nə dərəcədə vacibdir?
- Yaxşı sualdır. Faktiki olaraq, yüksək səviyyəli, karantin elan olunan anadək yüksək olimpiya reytinqinə malik cüdoçular özlərinin qarşıdakı Tokio Olimpiya Oyunlarındakı mümkün iştirakına köklənmişdi. Olimpiadanın təxirə salınması xəbərini hamı cəsarətlə qəbul etdi. Biz hazırlıq planlarını yarışların bərpa tarixi dəqiqləşmədən də korrektə etdik. Biz şərti olaraq planlarımızı elə qurduq ki, bütün gücümüzü sentyabra kökləyək. Əlbəttə, hətta bu gün turnirlərin startı ilə bağlı vəziyyət tam aydınlaşmayıb. Amma idmançılar hər şeyi başa düşürlər. Onların əla yarışmaq, özünün güclü tərəfləri və bacarıqlarını göstərmək istəyi var. Bu üzdən də onlar özlərini yaxşı formada saxlayırlar. Çəki dərəcəsi və idmançının səviyyəsindən asılı olaraq, məşq prosesini elə tənzimləmək istəyirik ki, turnirlərin startından sonra dərhal yarış prosesinə qoşula bilək.
- Onlara nə deyirsiniz ki, ümidlərini itirməyib məşqlərini davam etdirsinlər?
- Bütün məşqçilər korpusu və mən idmançılarla görüşdük. Orada vəziyyəti müzakirə etdik. Bir ildən artıq sürən gərgin qrafikli məşq və turnirlərdən sonra yeni vəziyyətlə üzləşdik. Bir tərəfdən bu da çağırışdır. Prinsipcə, komandada xüsusi yanaşmaya ehtiyac yox idi. Çünki kimisə inandırmağa, kökləməyə, xahiş etməyə ehtiyac yaranmamışdı. Hər kəs vəziyyəti komanda şəklində, lazım olduğu kimi və qayğısız dərk edirdi. Məşqçilər korpusu plan təklif etdi və perspektivləri müəyyənləşdirdi. Hər şey yekdilliklə qəbul olundu. Bizim vəzifəmiz gələcək uğurlara can atmaqdır. Bu qeyri-müəyyən vəziyyətdə komanda birləşdi və problemsiz işləməyə başladı.
- Bəs özünüz? Özünüzə nə dediniz?
- Bizi Olimpiya Oyunları və digər planlaşdırılan yarışlardan saxlayan qarışıq informasiyalar zamanı necə dəyərlər əlimizdə bıçaq daim planları korrektə etməli olurduq. Cüdoçuları elə motivasiya edirdik ki, onlardan heç biri hazırlığa marağı itirməsin. Məşqçilər korpusu və Azərbaycan Cüdo Federasiyası komandadakı döyüşkən ab-havanı qorumağa çalışırdı. Şəxsən mən də bu dövrü komanda ilə qaldım.
- Siz daim bir yerdə məşq edirsiniz? Əgər belə deyilsə, necə əlaqə saxlayırsız?
- Azərbaycanda çox sərt karantin oldu və biz onun reallıqları ilə qarşılaşdıq. İlk günlərdə məşqçilər və idmançılar vəziyyətdən çıxış yolu axtardı. Birinci mərhələdə çox az sayda idmançı üçün hazırlıq planı hazırladıq və gəzinti üçün ayrılan vaxtdan açıq havada məşqlər üçün istifadə etdik. Əlbəttə, biz bütün karantin qaydalarına da riayət etməklə bunu gerçəkləşdirdik. Karantin rejiminin müxtəlif növləri tətbiq olunduğundan vəziyyətə maksimum uyğunlaşmağa çalışır, məşqlər üçün vaxt tapır, müəyyən planlar əlavə edirdik ki, əsas komanda ilə işləyə bilək.
Məşqçilər korpusu daim cüdoçularla əlaqə saxlayır, məşq prosesinə nəzarət edirdi. Qeyd edim ki, məşqçilərin bu tövsiyələri və planları bugünkü gün üçün yaxşı icra olunub. Fikrimcə, komanda yaxşı vəziyyətdədir.
- Şəxsən özünüz bunun öhdəsindən necə gəlirsiniz? İşdəki və evdəki vaxtı necə idarə edirsiniz? Əvvəlki ilə müqayisədə çox dəyişib?
- Deyərdim ki, mənim bütün həyatım bu idman növündə, məşqlərdə keçib. Elə indi də eyni şeydir. Mənim üçün ciddi dəyişiklik olmayıb.
- Qlobal pandemiya dövründə şəxsi fikirləriniz necədir? Cüdonun gələcəyini necə görürsünüz?
- Əlbəttə, biz fövqəladə vəziyyətlə üzləşmişik. Bu, kommunikasiyanı və cəmiyyətdə münasibətləri radikal şəkildə dəyişib. Təəssüf ki, bəşəriyyət bu problemlə qarşılaşıb və bu gün biz yeni, qeyri-adi şərtlərdə yaşayırıq. Amma bu vəziyyətdə inkişaf mütləq olacaq. Düşünürəm ki, cüdo kimi bir idman növü nəinki bu durumdan çıxacaq, hətta idman reytinqində daha yüksək səviyyəyə qalxacaq. Ola bilər ki, hər hansı dəyişikliklər olur, amma bunlar əyləncə və cüdonun populyarlığına təsir etməməlidir.
- Məşqlərdə istifadə olunan cüdo fəndlərini bu dövrdə dəyişmisiniz?
- Bəli, həqiqətən də turnirlərin sıx qrafiki zamanı texnika üzərində çalışmağa və taktiki analizə həmişə vaxt ayırmaq olmur. Buna görə də vaxtı itirməməyə qərar verdik və bu dövrdən komandanın faydası üçün maksimum yararlanaq. Biz yeni fəndlərin, səhvlərin, taktikanın təkmilləşdirilməsinin üzərində çalışmağa kökləndik. Qlobal yanaşsaq, cüdo daim texnika, bilik və ruh baxımından daim inkişaf edir. Fikirləşirəm ki, biz bu vaxtdan düzgün istifadə etdik və yarışlar yenidən başlayan kimi yaxşı nəticələr göstərə biləcəyik.
- Cüdoçular məhdudiyyət üzündən tək məşq edəndə hansı idman ləvazimatından yararlanmağı lazım bildiniz?
- Məşqlərdə daim monoton olmaması üçün müxtəlif istiqamətlərdə işləməyə çalışdıq və hazırlıq proqramına yeni təmrinlər daxil etdik. Məşqləri daha maraqlı və faydalı etmək, formanı saxlamaq üçün bu addımları atdıq. Komanda bunu çox maraqla qarşıladı və yeniliklər idmançıların çox xoşuna gəldi.
- Necə düşünürsünüz, belə çətin qlobal vəziyyətdə hansısa müsbət məqam var? Sizə, həyatınıza, işinizə müsbət təsir edən nəsə olub?
- Əlbəttə ki, pandemiya hamının adi həyat tərzini və işini dəyişib. Bu, idmançılara, cüdoçulara və məşqçilər korpusuna da aiddir. Biz həyatın başqa ritminə - sıx, gərgin hazırlıq və yarış qrafikinə öyrəşmişik. Bu da idmançıları daim yüksək tonusda olmağa vadar edir. Turnirlərin coğrafiyası genişdir və daim səfərlər var. Yaranmış vəziyyətdə yalnız o məqam yaxşıdır ki, bir az dayanmaq, ola bilsin ki, bəzi məqamları yenidən dəyərləndirmək imkanı verdi. Əslində isə mən düşünürəm ki, bu xoşagəlməz pandemiyadan əvvəlki fəaliyyət tərzinə qayıtmalıyıq.
- İndiki vəziyyətdə hansı cüdoçu sizin diqqətinizi daha çox çəkir və buna səbəb nədir?
- Demək lazımdır ki, yığmanın bütün üzvləri səylə çalışır. Bütün cüdoçular tam qüvvəsini qoyur və effektli məşq edir.
- Ələddinin sehrli çırağını tapsanız və üç arzu şansınız olsaydı, nələri istəyərdiniz?
- Birincisi, bizim planetdəki hər kəs kimi pandemiya probleminin tez həll olunmasını istəyərdim. İkincisi, istəyərdim ki, Azərbaycan və Ukrayna xalqları arzularını gerçəkləşdirsin və bölgədə sülh olsun. Bir çox insanlar sülh olan səma altında yaşayıb evlərinə dönsünlər. Üçüncüsü, nəhayət ki, bütün qohumlarım və dostlarım sağlam olsunlar, onların sevinməyə və xoşbəxtliyə çox səbəbləri olsun.