5-Cİ İSLAM HƏMRƏYLİYİ OYUNLARI İSTANBULDA KEÇİRİLƏCƏK

ESTAFET/ Bu gün Bakıda İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İdarə Heyətinin 25-ci toplantısı keçirildi.

 

Yığıncaq İHİF-in Prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin rəhbərliyi altında, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, cənab Azad Rəhimovun və Türkiyə Respublikasının Gənclər və İdman Naziri, cənab Akif Çağatay Kılıçın iştirakı ilə təşkil olunmuşdur.


Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz İHİF İdarə Heyətinin bütün üzvlərini salamlayaraq, giriş nitqində qonaqpərvər Azərbaycan xalqına təşəkkür etmişdir.

 

Eyni zamanda o, Bakı 2017 Oyunlarının uğurla keçməsi üçün dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Oyunların idarəedilməsi və səmərəli təşkilinə rəhbərlik edən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və AİHOƏK-in Sədri, Meriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

 

Giriş nitqindən sonra gündəliyin bütün məsələləri müzakirəyə çıxarıldı. Yığıncağın gündəliyinə əsasən əvvəlki idarə heyəti dövründə İHİF-in gördüyü işlər və keçirdiyi seminarlar müzakirə edildi, fikir mübadiləsi aparıldı.

 

Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş Gənclər və İdman Nazirlərinin İslam Konfransının 3-cü sessiyasında qəbul edilmiş İslam ölkələrində idmanın inkişaf strategiyası İHİF-in idarə heyəti tərəfindən nəzərdən keçirilərək təsdiq edilib.

 

İHİF-in idarə heyəti tərəfindən 2021-ci ildə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları üçün İstanbul şəhərinin namizədlik müraciətinə baxılıb və namizədlik təsdiq edilib.