XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT ŞİRVANDA
ESTAFET/ “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Şirvan şəhərində davam edib.
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Şirvanda Kür çayının üzərində salınan dəmiryolu körpüsü ətrafında tədbir keçirildi. 906 kilometri Azərbaycan ərazisindən keçən Kür Azərbaycanın ən uzun çayıdır. Onun üzərində ilk taxta körpü 1917-ci ildə məhz Şirvanda tikilmişdir. Bu gün biz həmin körpünü yenə görə bilərik.
Su mərasimi, şahmat həvəskarı Səma Əliyeva, taekvondo üzrə Azərbaycan Çempionatının 3-cü yer mükafatçısı Arif Şükürov və sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi İsmayıl Həşimov su qablarını Kür çayının suyu ilə doldurublar. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.
Həmin gün Şirvan şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov də iştirak etdi.
Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində konsert proqramı və atəşfəşanlıq təşkil edildi.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 13 aprel tarixində Sabirabad rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.