AMADA POLADA ilə əməkdaşlığa başlayır

ESTAFET/ Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü keçirilib. AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, hər iki qurumun rəhbər şəxsləri və digər əməkdaşlarının iştirak etdiyi görüş videokonfrans formatında baş tutub.

Görüşdə əsasən 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi və COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi, o cümlədən təhsil və maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə edilib.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycanda görülən işlərdən danışaraq həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan təcrübəsini polşalı həmkarları ilə bölüşən Ş. Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi proqramı il ərzində mərhələli şəkildə həyata keçirilir. Yeni məcəllə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaradır. Məcəllədəki dəyişikliklər və yeniliklər ətraflı öyrənildikdən sonra  qanunvericiliyə müvafiq dəyişiklik layihəsi hazırlanaraq Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilib. Layihə təsdiq edildikdən sonra isə aidiyyatı yerli dövlət qurumlarına göndərilib. Hazırda layihə tamamlanma mərhələsindədir.

Görüşdə COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi məsələsi də ətraflı müzakirə edilib. Tərəflər öz təcrübələrini bölüşüb və prosesin daha effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Estafet.az