XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT SABİRABADDA

ESTAFET/ Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Sabirabad rayonu olub.

 

Sabirabadda yerləşən Kür-Araz çayı ovalığı ətrafında tədbir keçirildi. Kür-Araz ovalığı ölkənin iki ən böyük çayının – Kürün və Arazın qovuşduğu yerdir. Bu ərazi şimalda Böyük Qafqaz dağları, qərbdə Kiçik Qafqaz dağları və cənubda Talış dağları ilə həmsərhəddir.

 

İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev “Bakı-2017”nin mis səhəngi su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçirilən Su festivalında təqdim etdilər.

 

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil olan “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirildi. Məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasovun iştirakı seyricilərdə əyləncəli anlar yaşatdı.

 

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Sərxan Baxşıyev, Zoya Məmmədova və Şamil Sabirabadlının ifasını, möhtəşəm su effekti və atəşfəşanlığı izləyiblər.

 

Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.