“Artıq neçə aydır yığmada çalışıram”: Namiq Abdullayev

ESTAFET/ “Milli komandanın baş məşqçisi kimi çalışmağıma şərait yaradıldığı üçün təşəkkürümü bildirirəm”. Bunu sərbəst güləş üzrə millimizin yeni baş məşqçisi Namiq Abdullayev deyib.

Bu gün təyinatından sonra jurnalistlər önünə çıxan olimpiya çempionu etimadı doğdultmağa çalışacağını söyləyib: “Artıq neçə aydır ki, yığma komanda ilə çalışıram, iki çəki dərəcəsində təyinatım təsdiqlənmişdi. Bundan əvvəl yeniyetmə və gənclər üzrə millilərdə olmuşam. Hazırda çətin dönəm yaşansa da, federasiya hər zaman güləşçilərimizə dəstək olub. Pandemiya dönəmində də prezident Namiq Əliyevin təşəbbüsü ilə açıq havada məşqlər keçirilib. Yüksək səviyyəli idmançılar bir müddət məşqsiz qaldıqda formadan düşürlər. Belədə lisenziya xarakterli turnirlərdə, Olimpiadada öz mövqelərini qoruya bilməzlər. Bu mənada idmançıların formadan düşməməsi üçün federasiya tərəfindən hər cür köməklik göstərildi”.

Qeyd edək ki, Namiq Abdullayev baş məşqçi postunda Zəlimxan Hüseynovu əvəzləyib.

Müəllif: Natiq NƏSİROV