"Peşəkar idmanda dopinq daim nəzarətdədir": AMADA rəhbəri
ESTAFET/ “Peşəkar idmanda dopinqlə mübarizə həm yerli, həm də beynəlxalq səviyyədə aparılır. Amma steroid gənclər arasında geniş yayılmış aktual problemdir. Xüsusən də, pandemiya dönəmində bunun satışı ilə məşğul olan insanlar da kifayət qədərdir”.
Bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.
“Hilton” otelinin “Sevda” zalında keçirilən tədbirdə Hüseynli steroidlərin ciddi fəsadlara yol açdığını söyləyib: "Azərbaycan idman ölkəsidir. Sağlam nəsil yetişdirmək üçün idmanın təmiz qalması vacibdir. Buna görə də, dopinqlə mübarizə aparmaq vacibdir. Son 4 ildə AMADA tərəfindən peşəkar idmanda dopinq daim nəzarətdədir. Amma apardığımız araşdırma nəticəsində bütün dünyada steroidin yayıldığı görünür. Təəssüf ki, bundan istifadə edən insanların əksəriyyəti bunun fəsadlarından xəbərləri yoxdur. Bir çox fitness mərkəzlərində, idman zallarında məşqçilər bundan istifadə edirlər. Halbuki necə təhlükəli olduğunu bilmirlər".
O, əlavə edib ki, AMADA dopinqlə mübarizədə bir çox qurumlarla birgə çalışır.