Şəhriyar irəlilədi, Teymur gerilədi

ESTAFET/ FIDE şahmatçıların oktyabr reytinqini açıqlayıb. Koronavirus pandemiyası üzündən hesabat dövründə heç bir görüş keçirilmədiyindən siyahıda cüzi dəyişikliklər baş verib.
 
Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. “Top-100”də 5 kişi qrossmeysterimiz qərarlaşıb. 4 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2770 xalla 7-cidir. Teymur Rəcəbov 2765 xalla bir pillə geriləyərək 10-cu yerdə qərarlaşıb.
 
Hərəyə iki pillə geriləyən şahmatçılarımızdan Qədir Hüseynov 2665 xalla 73-cü, Nicat Abasov 2664 xalla 75-cicidr. Bir addım geriləyən Rauf Məmmədov 2654 xalla 93-cü pillədə yer alıb.
 
Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2828) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
 
Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 73-cü, Xanım Balacayeva (2376) 82-ci pillədədir. Ötən reytinqlə müqayisədə Günay 1 pillə geriləyibsə, Gülnar 2, Xanım 3 addım irəliləyib.
 
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.

Müəllif: Natiq NƏSİROV