Dünya Kubokunda güləşçilərimizdən daha bir medal
ESTAFET/ Serbiyada güləş üzrə Fərdi Dünya Kubokunda üçüncü yarış gününə yekun vurulub. Yunan-Roma güləşçiləri ikinci medal günündə son 5 dəst mükafatın sahibini müəyyənləşdiriblər.
Azərbaycan millisinin iki güləşçisi də həlledici görüşə çıxıb. Təmsilçilərimizdən Taleh Məmmədov təsəlliverici qarşılaşmada Mateuş Şevçuka (Polşa) 10:2 hesabı ilə qalib gəlsə də, bürünc medal uğrunda mübarizədə Kali Süleymanova (Qırğızıstan) uduzub – 6:7.
Ondan fərqli, Beka Kandelaki (130 kq) çıxışını medalla başa vurub. 3-cü yer uğrunda Rafal Krayevski (Polşa) ilə güləşən milliləşdirilmiş idmançı 9:0 hesablı qələbə sayəsində fəxri kürsüyə yüksəlib. O, bürünc medala yiyələnib.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Fərdi Dünya Kubokunu 3 mükafatla bitirib. Kandelakidən öncə komandamızın heyətində İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, yarışda bu gün qadın güləşçilərin mübarizəsinə də start verilib. Millimizin üzvlərindən Tatyana Omelçenko (62 kq) Lidiya Peresi məyus edərək 1/4 finala yüksəlsə də, ardınca Lyubov Ovçarovaya (Rusiya) uduzub.