Güləş millimizdə daha bir rusiyalı legioner

ESTAFET/ Azərbaycan Güləş Federasiyası (AGF) daha bir legioneri milliləşdirib. Murad Lokyayev bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacaq.

Yunan-Roma güləşçisinin millimizdə debütü Fransanın Nitsa şəhərində təşkil olunacaq Qran-Pridə gerçəkləşəcək. İki gün öncə 27 yaşını qeyd edən rusiyalı 97 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Beynəlxalq Güləş Birliyi (UWW) onun milliləşməsinə ötən ay icazə verib. O, son illərdə beynəlxalq turnirlərə qatılmasa da, yerli yarışlarda iştirak edib. 

Güləşçi 2015-ci ildə yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısıdır. O, həmin turnirdə Azərbaycan təmsilçisi Soslan Fanziyevə də qalib gəlib.

Qeyd edək ki, bunadək yığmamızda 97 kq çəkidə Orxan Nuriyev mübarizə aparırdı.

Müəllif: Natiq NƏSİROV