XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT QUBADA
ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qubaya çatıb. Bu əlamətdar günlə əlaqədar ilk olaraq Afurca şəlaləsi ətrafında tədbir keçirildi.
Su mərasimi, şahmat və rəsm həvəskarı Günel Qonağova, ağırlıqqaldırma üzrə Respublika çempionu Famil Mikayılov və kikboksinq üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Fərid Həmzəyev tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Quba Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Mərasim axşam saatlarında Mərkəzi Meydanda keçirilən Su festivalı tədbiri ilə davam etdi.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Quba sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 3 may tarixində Qaradağ rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.