Qadın cüdoçularımız Albaniyada

ESTAFET/ Qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə qadınlardan ibarət milli komandamızın üzvləri hazırda Albaniyadadır. Golem şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 5 cüdoçu iştirak edir.
İrina Kindzerska və Gültac Məmmədəliyeva zədələrini müalicə etdiklərinə görə Albaniya toplantısına qatılmayıblar. Golemdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, İtaliya, Almaniya, İspaniya, Braziliya, Albaniya, Kosovo, Macarıstan, Polşa, Hollandiya, Türkiyə, Sloveniya, İsveçrə və digər ölkələrin yığmaları qatılıb.
Qeyd edək ki, cüdoçularımız mart aprel aylarında Tbilisi və Antalyada təşkil olunacaq "Böyük Dəbilqə" yarışında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.
