Ronaldonun kapitan sarğısı hərraca çıxarıldı

ESTAFET/ Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Serbiya ilə DÇ-2022-nin seçmə oyununda yerə çırpdığı kapitan sarğısı hərraca çıxarılıb.

Sayılmayan qoluna etiraz edən ulduz hücumçunun sarğısı xeyriyyə auksionunda satılacaq.

Görüşdən sonra yerdə qalan kapitanlıq rəmzini stadionun əməkdaşlarından biri götürüb. O da “Limundo” vasitəsilə hərraca çıxarmağa üstünlük verib.

Satışdan əldə olunan vəsait Kraquevats şəhərindən olan altı aylıq körpə Qavrilo Curceviçin müalicəsinə ayrılacaq. Uşaq bel əzələlərinin atrofiyasından əziyyət çəkir. Hazırda sarğının auksiondakı qiyməti 3 min avronu keçib.

Qeyd edək ki, Serbiya – Portuqaliya matçı 2:2 hesabı ilə başa çatıb.

Müəllif: Orxan NOVRUZOV