"TOUR D'AZERBAİDJAN 2017" - III MƏRHƏLƏ
ESTAFET/ Bu gün Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub. 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.
Mərhələ qalibi isə "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub - o məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. Xatırladaq ki, Matey Müqerli ötən il "Synergy Baku"nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim və Ukraynanın "Kolss" komandasının təmsilçisi Vitaliy Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.
"Synergy Baku"nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır.
Aralıq sprintlərində hamıdan çox xal toplayan "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Mayın 6-da velosipedçilər yarışın ən çətin dağ mərhələsində mübarizə aparacaqlar. İştirakçılar bu dəfə saat 09:30-da Qəbələdən start götürməklə İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolaylarını marşruta əlavə edilməsi dağ mərhələsinə olan marağı daha da artırıb.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.