Güləşçilərimizdən 1 gümüş, 2 bürünc

ESTAFET/ Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Altıncı yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisi aktivinə 3 medal yazdırıb. 

Dünya və Avropa çempionumuz Eldəniz Əzizli üçüncü yeri tutub. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz almaniyalı Fabian Şmittə bürünc medal uğrunda mübarizədə cəmi 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib. Nəticədə Əzizli ardıcıl 3-cü dəfə qitə birinciliyinin bürünc medalını qazanıb. Bu, Eldənizin ümumilikdə 4-cü AÇ medalı olub.

Karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksələn Taleh Məmmədov (63 kq) isə uğurlu çıxışını davam etdirə bilməyib. O, həlledici görüşdə Cambolat Lokyayevə (Rusiya) uduzaraq (0:5), gümüş medalla kifayətlənib. 

Yığmamızın heyətində Sənan Süleymanov (77 kq) da fəxri kürsüyə yüksəlib. Təsəlliverici görüşdə Varujan Qriqoryana (Ermənistan) 11:0 hesabı ilə qalib gələn güləşçimiz ardınca Dmitro Pişkovu (Ukrayna) da 6:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib. 

Qeyd edək ki, Avropa çempionatında qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. 

Həmçinin Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədovun (97 kq) 3-cü yer şansı qalıb. 

Müəllif: Natiq NƏSİROV