Avropa çempionluğuna həsrət ulduzlar – “10-luq”

ESTAFET/ Qitənin ən güclü komandalarının iştirak etdiyi Avropa çempionatlarında kuboku qazana bilməyən çox sayda tanınmış sima var.
Bəziləri üçün AVRO 2020 hətta son şansdır.
Yaxşısı budur, karyerası ərzində Avropa çempionluğunu qazana bilməyən 10 ulduz futbolçunu xatırlayaq.
Zlatan İbrahimoviç
39 yaşlı forvard millisində kubok qazanmayan ulduzlardandır. AVRO-2004-də 1/4 final sevinci yaşayan Zlatan sonrakı Avropa çempionatlarının heç birində qrupdan çıxa bilməyib. Veteran forvard budəfəki turnirə zədə səbəbindən qatıla bilməyib.
Eysebio
Portuqaliyanın əfsanəvi futbolçularından olan Eysebio DÇ-1966-da komandasının üçüncü yeri tutmasında böyük rol oynayıb. Lakin Avropa çempionatlarına heç vaxt qatılmayıb.
Canluici Buffon
Buffon 2006-cı ildə dünya çempionluğunu qazanıb. Ancaq nə Avropa çempionatının, nə də Çempionlar Liqasının qalibi ola bilib. 43 yaşlı qolkiper AVRO-2012-də çempionluğa çox yaxın idi. Lakin kuboku qazanan Ukrayna olmuşdu.
Bobbi Çarlton
49 qolla Ueyn Runidən sonra İngiltərə millisinin ən məhsuldar ikinci oyunçusu olan Çarlton 1966-cı ildəki dünya çempionatını qazanıb. Ancaq bu uğurunu qitə birinciliklərində təkrarlaya bilməyib.
Ferens Puşkaş
Macarıstan tarixinin ən böyük futbolçusu hesab edilən Puşkaş yığması ilə heç vaxt kuboku qazanmayıb. “Real”ın əfsanəsi sonradan İspaniya yığmasında oynasa da, AVRO-1964-ü qazanan İspaniya millisinin heyətində yer almayıb.
Yohan Kroyff
Əfsanəvi niderlandlının klub karyerası parlaq alınıb, bir çox titullara yiyələnib. Ancaq millisində uğursuz olub. Onun Avropa çempionluğuna ən çox yaxınlaşdığı turnir AVRO-1976 olub. Ancaq onda da 3-cü yeri tutublar.
Pavel Nedved
“Qızıl top” mükafatına layiq görülən yeganə çexiyalı futbolçu Pavel Nedvedin millidəki nəticələri heç də ürəkaçan deyil. Yalnız 1996-cı ildəki qitə birinciliyində komandası finala qədər irəliləməyi bacarıb. Ancaq onda da Almaniya Nedvedə çempionluq imkanı verməyib.
Alfredo Di Stefano
Di Stefano argentinalı olsa da, İspaniya millisində oynamağı seçib. “Real”ın və İspaniya yığmasının önəmli ulduzlarından olan qolçu futbolçunun yığma ilə uğuru yoxdur.
Luka Modriç
Modriç DÇ-2018-də Xorvatiya millisinin finala yüksəlməsində önəmli pay sahibi olub. Bu da onun “Qızıl top” qazanmasına gətirib çıxarıb. Ancaq AVRO-2020-də kapitan kimi komandanı oyunlara çıxaran veteran yarımmüdafiəçi yığmada titula həsrətdir.
Mixael Ballak
Ballak karyerası ərzində finallarda ən çox məğlub olan futbolçu kimi xatırlanır. Almaniyalı sabiq yarımmüdafiəçi, dünya çempionatının, Avropa çempionatının və Çempionlar Liqasının final görüşündə iştirak etsə də, heç birində kuboku başı üzərinə qaldıra bilməyib. (apasport.az)
