AVRO 2016-nın iştirakçısı “Qarabağ”ın siyahısında

ESTFET/ “Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Macarıstandan oyunçu transfer edə bilər.

Vild-Donald Geryenin gedişindən bəri müdafiənin sol cinahındakı boşluğu doldura bilməyən bölgə klubu “Honved”də çıxış edən Naser Aliyiyə göz dikib. 27 yaşlı cinah oyunçusunun Budapeşt klubu ilə müqavilə müddəti başa çatdığından, Azərbaycan təmsilçisinin onu azad agent kimi heyətinə cəlb etmək şansı var. Ancaq Aliyi “Qarabağ”la yanaşı, digər təklifləri də nəzərdən keçirir.

Şimali Makedoniyada anadan olan Naser bu ölkənin U-14 yığmasına çağırılıb. Daha sonra İsveçrənin aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edən sol cinah oyunçusu 2015-ci ildən Albaniyanın əsas millisinə dəvət olunub. O, sonuncu dəfə 2019-cu ildə Albaniya yığmasının formasını geyinib. Aliyi “Bazel”də çıxış etdiyi dönəmdə millimizin hazırkı baş məşqçisi Canni de Byazi tərəfindən Albaniya yığmasının AVRO-2016-ya aparılan heyətində yer alıb.

Qeyd edək ki, klub karyerasında “Bazel”, “Vaduts”, “Kayzerslautern”, “Entella” və Buxarst “Dinamo”sunun formasını geyinən Naser Aliyi “Honved”ə 2019-cu ilin yayında məhz Rumıniya təmsilçisindən keçib.

Müəllif: Orxan NOVRUZOV