“Qəbələ” Əzizovun getdiyini açıqladı

ESTAFET/ “Qəbələ” İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırdığını rəsmən açıqlayıb. 2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə “qırmızı-qaralar”ın uğurları üçün çalışıb.

O, bundan sonra “Neftçi”nin idman direktoru kimi fəaliyyət göstərəcək. Əzizovun boş qalan postuna isə “Qəbələ”də akademiyanın direktoru olan Nail Kərimov təyin olunub.

Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

Müəllif: Orxan NOVRUZOV