"Çalışacağıq ki, pillə-pillə AFFA-ya dəstək olaq": Fərid Qayıbov

ESTAFET/ “Uşaqlıqdan futbol azarkeşiyəm. Həmin vaxt yüksək liqada “Neftçi”, ikinci liqada "Kəpəz" var idi”. Bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

İTV kanalına müsahibə verən nazir futbola olan sevgisindən bəhs edib: “Azərbaycan çempionatı başladıqdan sonra futbolun səviyyəsi o qədər yüksək olmadığı üçün təbii ki, Avropa futboluna daha çox baxırdıq. Uşaqlıqdan “Barselona”ya azarkeşlik etmişəm. Azərbaycan klubları avqust-sentyabr aylarında başlayan avrokuboklarda oktyabrı görmürdü, bütün komandalarımız uduzurdu. Hər il səbirsizliklə növbəti ilin iyununu gözləyirdik ki, hansısa komandamız avrokuboklarda oynayacaq. Stadiona getməyi çox sevirdim. Təbii ki, milli komandanın oyunlarına da gedirdim”.

Fərid Qayıbov ölkə başçısı İlham Əliyevin Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı bir neçə gün əvvəl üçüncü dəfə qəbul etməsindən də danışıb: “Bir neçə gün əvvəl cənab Prezidentimiz növbəti dəfə “Qarabağ”ı qəbul etdi. Bu onu göstərir ki, çəkilən əziyyətin hamısı qiymətləndirilir. Bu komanda ardıcıl 8 dəfə Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir. “Neftçi", “Qəbələ” və digər bir çox komandalarımız da ölkəmizi təmsil edib”.

42 yaşlı funksioner Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olduğunu etiraf edib. O, komanda sayının az olduğunu da xüsusi vurğulayıb: “Azərbaycan çempionatı bizim problemimizdir, desəm, yanılmaram. Bu bir faktdır. Hazırda bunu yaşayırıq və hamımız da başa düşürük ki, bunu dəyişmək, komandaların sayını artırmaq lazımdır. Problemimiz odur ki, komandaların çoxu Bakıda cəmləşib. Digər şəhərlərdə də komanda olmalı, rəqabət artmalıdır. Bunların hamısını başa düşürük. Çalışacağıq ki, pillə-pillə bu işdə AFFA-ya dəstək olaq. Federasiyalarımızın sayı çoxdur. Təbii ki, Azərbaycanda ən populyar idman növü futboldur. Təkcə Azərbaycanda deyil, bütün dünyada qələbəmizə sevinir, uduzanda məyus oluruq”.

F. Qayıbov Azərbaycan futbolundakı problemlərin aradan qaldırılmasının çıxış yolunu birgə çalışmaqda görür: “Həm AFFA, həm də digər federasiyalarla görüşlərim olub. Məqsədim onlara qulaq asmaq, çətinliklər haqda məlumat əldə etməkdir. Bundan sonra bu işləri təhlil edirik. Yəni fəaliyyətimiz o görüşlərlə bitmir. Bundan sonra da bu görüşlər davam edəcək. Artıq onları nazirliyə dəvət edirik. Strategiya haqda düşünməliyik. Yalnız futbol deyil, bütün federasiyalarla eyni çalışmalıyıq. Qeyd etdiyim kimi, futbol sadəcə, ən populyar idman növüdür. Ancaq bütün federasiyalarda strategiya barədə düşünməliyik ki, məqsədimiz nədir, nəticələr nə zaman olacaq, hansı nəticələri gözləyirik, neçə ildən sonra hansı nəticələr gələcək? Daha sonra həmin nəticələri əldə etmək üçün hansı vasitələrdən istifadə eləyəcəyik? Məqsədləri özümüz üçün təyin etdikdən sonra çalışmaq daha asan olar. Hazırda da bunun üzərində işləyirik”.

Müəllif: Natiq NƏSİROV