“Keşlə” istəyir, Samir Abasov razılaşmır

ESTAFET/ “Keşlə” “Neftçi”nin futbolçularına “elçi düşməkdə” davam edir. Azərbaycan kubokunun sahibi Premyer Liqanın son qalibinin yarımmüdafiəçisi Xəyal Nəcəfova göz dikib.

Bir neçə gün əvvəl Fəhmin Muradbəylini “ağ-qaralar”dan mövsümün sonuna qədər icarəyə götürən Sənan Qurbanovun çalışdırdığı komanda Xəyalı da eyni şərtlərlə heyətinə cəlb etmək niyyətindədir. Mövsümün əvvəlində “Sumqayıt”dan transfer edilən 24 yaşlı yarımmüdafiəçinin “Neftçi”də ümidləri doğrultmaması “Keşlə”ni bu keçidə ümidləndirir. Ancaq çempionun baş məşqçisi Samir Abasov yerli futbolçu qıtlığını əsas gətirərək Nəcəfovun gedişinə müsbət yanaşmır.

“Keşlə” rəhbərliyi iki klub arasındakı münasibətlərin yaxşı olmasından yararlanmağa çalışır. Təsadüfi deyil ki, hazırda bu komandanın formasını geyinən Rəhman Hacıyev və Turan Vəlizadə də müqavilə ilə “Neftçi”yə məxsusdur.

Qeyd edək ki, Xəyal Nəcəfov bu mövsüm Premyer Liqada keçirdiyi 10 oyunda ümumilikdə 629 dəqiqə meydanda qalıb və 4 sarı vərəqə ilə fərqlənib. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV