"Qələbənin resepti budur": Aleksey Baqa

ESTAFET/ “Məğlub olmuşuqsa, bu, yaxşı oyun göstərmədiyimiz anlamına gəlir". Bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”yə səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Belaruslu mütəxəssis matçın ardından komandasının çıxışını dəyərləndirib: “Neftçi" kimi rəqiblə səfərdə oynayırsansa, mütləq müdafiədə diqqətli olmalısan. Vurduğumuz bir qol xal qazanmağımıza kömək etmədi. Rəqibin heyətində fərdi cəhətdən üstün keyfiyyətlərə malik oyunçular var. Bunu da matç ərzində göstərə bildilər. Ancaq belə komandalarla görüşlərdə də xal qazanmaq lazımdır".

- İkinci qola qədər çılğın görünürdünüz. Bu, rəqibin "Neftçi" olmasından qaynaqlanırdı, yoxsa qələbəsiz oyunlar seriyasının davamı sizi təngə gətirib?
- Biz indi özümüzə rəqib seçə bilmərik. O vəziyyətdə deyilik. Bütün rəqiblər önünə xal qazanmaq üçün çıxırıq.

- Bura gələndən hər matçdan sonra rəqibi qələbə münasibətilə təbrik edirsiniz. Sizi də nə vaxtsa təbrik edən olacaq?
- Düşünürəm ki, bu məqam da gəlib çatacaq. Hazırda maksimum dərəcədə peşəkarlığımızı qorumalıyıq. Qələbənin resepti budur. İnanıram ki, siz də məni qələbə münasibətilə təbrik edəcəksiniz.

Müəllif: Bəhruz MƏMMƏDOV