Elçin Quliyev idmançıları təltif etdi
ESTAFET/ Son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanan “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə bu gün görüş keçirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun rəisi, general-polkovnik Elçin Quliyevin idmançıların əldə etdikləri nailiyyətlər münasibətilə onlara təbriklərini çatdırıb.
2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanıb.
“Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilib.
Görüşdə dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq duraraq milli maraqlarımızın müdafiəsini şərəflə təmin edən hərbi qulluqçularımız kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etdikləri vurğulanıb, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunub.
İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurlar və qələbələrlə göstərilən etimadı doğruldacaqlarına söz verib.
Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar təltif olunub.