“Buranı cənnətə çevirəcəyik”: Beynəlxalq Prezident Kubokunun açılışı oldu

ESTAFET/ “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqları əsasında rəşadətli Azərbaycan ordusu 30 il işğalda olan cənnət Qarabağımızı azad etdi. Novruz bayramı ərəfəsində Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avarçəkənlərin Qarabağda ilk təlim-məşq toplanışını izlədi. Hər birimiz üçün böyük qürur hissidir ki, bu gün biz azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını da təşkil edirik”.

Bunu Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının prezidenti Vüqar Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq Prezident Kubokunun açılış mərasimində deyib. 

O bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara xüsusi diqqətinin nəticəsi kimi ölkədə digər idman növləri ilə yanaşı, avarçəkmə də inkişaf edir: “Federasiyamız bu etimadı hər zaman doğrultmaq üçün çalışacaq. Bir daha iştirakçı ölkələrin nümayəndələrinə, idmançılara və qonaqlara “xoş gəlmisiniz” deyirik. Qoy həmişə ən güclü qalib olsun!”

Prezidentin Qarabağ iqtisadi zonası üzrə xüsusi nümayəndəsi Emin Hüseynov isə yarışın əhəmiyyətindən danışıb: “30 il işğalda qalmış doğma Qarabağımıza həyat qayıdır. Buranı biz cənnətə çevirəcəyik”.

Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, Gürcüstan Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze belə qısa müddətdə nüfuzlu yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Onlar Azərbaycanı öz torpaqlarını işğaldan azad edərək, belə reqata təşkil etdiyini vurğulayıblar. 

Gənclər və idman naziri Fərid Qayıbov Prezident Kubokunun keçirilməsində şəhidlər və qazilərin rolunu diqqətə çatdırıb. O, Prezident Kubokunun davamlı olacağına əminlik ifadə edib. Nazir yarışı açıq elan edib.

Dövlət himninin səsləndirilməsi ilə reqataya start verilib.

Müəllif: Natiq NƏSİROV