Bakı Bulvarı F1 sürətsevərlərini qarşılamağa hazırlaşır
ESTAFET/ 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin başlanmasına sayılı günlər qalıb. İki illik fasilədən sonra nəhayət ki, azarkeşlər Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.
Tədbirlər rəngarəngliyi ilə seçilərək, müxtəlif konseptlərdə təqdim olunacaq. Nümayiş ediləcək stendlərin bir hissəsi (Zona 2) Azərbaycan mədəniyyətindən, incəsənətindən və tarixindən ilham alır. Burada siz ölkəmizin mədəni ruhunu, qədim dövrlərdən bu günə miras qalmış ənənələrindən bir sıra nümunələrin canlı şahidi olacaqsınız.
“Gobustan” guşəsində qaya rəsmlərinin qarşısında şəkil çəkdirəcək, qaval daşının sədalarından həzz alacaqsınız. Səhnələşdirilmiş geyimlərdə çıxış edən sənətçilər həmin dövrlərə aid rəqsləri, ovçuluq ənənələrini göstərərək, tamaşaçıları yallı getməyə dəvət edəcək.
“Azerbaijan Cultural Corner” interaktiv guşəsinə baş çəkməklə keçmişə səyahət edə, əsrlər öncəki milli abu havanı duyacaqsınız. Rəngarəng ornamentli xalçalar, milli geyimlər, nümayiş olunan qədim eksponatlar, mis və saxsı qablar mədəni-tarixi vəhdət yaradacaq.
Əllərinizi dünyaya uzadaraq fərqli, özünəməxsus hisslər yaşamağa hazırsınızmı? Məhz “Nəhəng əllər”guşəsində Formula 1 dünyasına “toxuna” biləcəksiniz. “Touch of The World” instalyasiyası Azərbaycan bayrağının rənglərinə boyadılan əzəmətli əllər xalqımızın həmrəylik və dostluq ənənəsini tərənnüm edir.
Milli ornamentlərlə bəzədilmiş F1 bolidi və Xəzər mənzərəli Azerbaijan GP həştəqindən yan keçə bilməyəcəksiniz.
Həyəcanlı “sürət həftəsi”nin bir hissəsi olmaq fürsətini qaçırmamaq üçün bilet əldə etməyə tələsin! Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil ediləcək əyləncə proqramlarına yalnız bilet sahibləri qatıla biləcək.