Olimpiya çempionumuz zədə səbəbindən gümüşlə kifayətləndi

ESTAFET/ Azərbaycan cüdoçusu Vüqar Talıbov Avstriyanın Qras şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirini gümüş medalla başa vurub.

90 kiloqram çəki dərəcəsində yer alan Vüqar mübarizəyə 1/16 finaldan qoşulub. 19 yaşlı cüdoçu ardıcıl olaraq Gizo Qoqunaşvili (Gürcüstan), Kudret Dossimov (Qazaxıstan) və Andrea Raffaelini (İtaliya) üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə Avstriyanı təmsil edən erməni əsilli Aslan Papoyana da şans verməyən Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi adını finala yazdırıb.Vüqar qızıl medal uğrunda fransalı Aleksa Mitroviçlə qarşılaşmalı olsa da, yarımfinal qarşılaşmasında zədələndiyi üçün həlledici görüşə çıxa bilməyib. 

Beləliklə, Avstriyaya 14 nəfərlik heyətlə yollanan Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun ilk günündə 73 kq-da yer alan Vüsal Qələndərzadə yalnız finalda uduzaraq gümüş mükafata sahib çıxıb.

Müəllif: Natiq NƏSİROV