Güləşçilərimiz AÇ-yə 1 qızıl, 3 gümüşlə başladı

ESTAFET/ Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb. İlk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. İbadov həlledici görüşdə gürcü Vaxtanq Loluaya uduzaraq (1:5) gümüş medal əldə edib.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fəraim final yolunda ukraynalı Maksim Çubenkoya da tam üstünlüklə qalib gələrək (9:0) finala vəsiqə qazanıb. Mustafayev həlledici görüşdə erməni Hayk Lyudviqyana da yerini göstərib. Rəqibini darmadağın (13:4) edən Fəraim titulunu qoruyub. Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu.  

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparıb. Rəqibini "tuşe" ilə yolundan kənarlaşdıran Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşib. Bu dəfə məğlubiyyətdən qaça bilməyən (2:5) Seymur gümüş medalı boynundan asıb.  

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İsmayıl finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla bacarmayıb və komandamızın hesabına növbəti gümüş medalı yazıb.

Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. Mərdanov 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. Mərdanov bürünc medal uğrunda yunanıstanlı Dimitrios Tanosla güləşib və rəqibinə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start verib.

Müəllif: Natiq NƏSİROV