Çempionların fikirləri

ESTAFET/ Xəbər verdiyimiz kimi Rumıniyanın paytaxtı Buxarest şəhərində 17 yaşadək güləşçilərin qitə çempionatı keçirilir. Artıq mübarizəni başa vuran yunan-Roma güləşçilərimiz böyük üstünlüklə Avropa çempionu adını qazanıb. Bu gecə qitə çempionları vətənə qayıdıb.

Komandanın U-17 Avropa çempionatında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) bunları deyib:
"Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. 8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edərik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq".     

Digər Avropa çempionu Məhəmməd Qasımzadənin (60 kq) fikirləri isə belə olub:
"Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördülər. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum".

Müəllif: Natiq NƏSİROV