Karateçilər Avropa çempionatında 3 qızıl və 2 bürünc medal qazandı

ESTAFET/ Yeniyetmə və gənclərdən ibarət seçmə komandamız 17-19 İyun tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa çempionatını beş medalla başa vurub. Mükafatların üçü qızıl, ikisi isə bürüncdür.

14-15 yaş yeniyetmələrdən Rahib Əzim (+70 kq, şəxsi məşqçisi Anar Allahverdiyev), 16-17 yaşlı gənclərdə Vahid Həsənov (76+ kg, şəxsi məşqçisi Bəşir Mahmudov), 21 yaşadək gənclərdə isə Hüseyn Məmmədli (- 67 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) Avropa çempionu olub. 14-15 yaşlı yeniyetmələrdə Fatimə Məmmədova (-47 kg, şəxsi məşqçisi Əmirqulu Quliyev) və Aslan Dostuyev (- 57 kg, şəxsi məşqçisi Vüqar Kərimov) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan yarışa qatılan 48 ölkə arasında ümumi hesabda 4-cü yeri tutub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, eləcə də Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev, 14-15 yaşlı yeniyetmmələrin böyük məşqçisi Niyazi Əliyev və Şahin Atamov, 16-17 və 21 yaşadək gənclərin böyük məşqçiləri Seymur Xudaverdiyev və Nağı Mehdiyev nəticəni yüksək dəyərləndirib.   

Xatırladaq ki, Praqada Avropa çempionatı qabağı Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılan müxtəlif dərəcəli hakimlərimizdən Şahin Xudaverdiyev, Rənad Əliyev və Mayis Mədətov beynəlxalq dərəcələrini artırmağa, Mir-Cabbar Seyidov, Akif Kərimov və Mehman Mədətov isə beynəlxalq dərəcə almağa müvəffəq olub.   

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovala birgə, adları qeyd olunan hakimlər də 1064 karateçinin qatılıdğı qitə çempionatını idarə edən həmkarları arasında olub. EKF-in İdarə heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Müəllif: Zaur HACIYEV