"Bu uğurlar inkişafdan xəbər verir": Namiq Abdullayev
ESTAFET/ Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.
6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb. Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev bunları deyib:
“Bu il bizim üçün düşərli oldu. U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu. Hər 3 komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir. Cənab prezidentin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və GİN də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.
Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.