Cüdo üzrə "Yaponiya Səfirinin Kuboku" açıq birinciliyinə start verilir

ESTAFET/ 26-27 iyul tarixlərində ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi keçiriləcək.

U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqdır. Göygöl Olimpiya İdman Kompleksində  keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcəkdir.

Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Müəllif: Natiq NƏSİROV