Minifutbol üzrə növbəti AÇ Azərbaycanda keçirilə bilər
ESTAFET/ Bu gün Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.
Qonaqlara ölkəmizdə minifutbol idmanının inkişaf perspektivləri ilə bağlı məlumat verən AMF-nin fəxri prezidenti Orxan Məmmədov Azərbaycan minifutbol millisinin Avropa çempionatında qazandığı çempionluqdan danışıb. Bildirib ki, Azərbaycanın Avropa çempionluğundan sonra ölkəmizdə bu idman növünə maraq daha da artıb.
Azərbaycan minifutbolçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən EMF prezidenti Borislav Aleksandrov Bakıda bu idman növünün təbliğat işlərinin yüksək səviyyədə aparıldığını, daxili çempionatların hər zaman yüksək səviyyədə keçirildiyini, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıb.
Avropa Minifutbol Federasiyasının vitse prezidenti Peter Kralik Avropa çempionatının hesabatını təqdim edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.
AMF-nin prezidenti Taleh Nəsibov və vitse prezident Azər Hüseynovun da iştirak etdiyi görüşdə minifutbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi, minifutbolun ölkəmizdə inkişaf perspektivləri və milli komandamızın qitə çempionatındakı çıxışı müzakirə edilib. Səfər çərçivəsində qonaqların gənclər və idman naziri Fərid Qayıbovla və digər səlahiyyətli rəsmilərlə görüşü nəzərdə tutulur. Qonaqlar həmçinin, ölkəmizin idman infrastrukturu ilə tanış olacaq, milli komandamızın hazırlıq prosesini izləyəcəklər. (sports.az)