"Yaponiya Səfirinin Kuboku" turniri başa çatıb
Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya Səfirinin Kuboku” Gəncə şəhər açıq birinciliyinə yekun vurulub.
Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihito, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev gələn yarış iştirakçılarını salamlayaraq Gəncədə cüdo idman növünə böyük marağın olduğunu və bu mötəbər turnirin keçirilməsindən məmnun olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumilikdə idmana qayğısı nəticəsində cüdo idman növünün də sürətlə inkişaf etdiyini vurğulayıb.
Yaponiya Səfirinin müşaviri Takaye Yukihito yarış iştirakçılarına uğurlar arzulayıb və Azərbaycanda cüdonun ən öndə gedən idman növlərindən biri olduğu üçün sevindiyini bildirib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirakçıları salamlayaraq, Gəncə şəhərində bütün idman növlərinin xüsusilə də cüdonun inkişafının diqqət mərkəzində olduğunu qeyd edib. O, Azərbaycan Cüdo Federasiyasının regionlarda keçiridiyi turnirlərin idmançıların gələcəkdə təcrübəli idmançı kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Cüdo Federasiyasınının baş katibi Rəşad Rəsullu bildirib ki, Federasiyanın əsas məqsədlərindən biri regionlarda cüdonun kütləviləşdirilməsidir. Bu cür turnirlərin təşkili regionlarda cüdo ilə məşğul olan yeniyetmələrin potensiallarını realaşdırmağa və istedadlı idmançıların kəşf edilməsinə köməklik edir.
Cüdo üzrə Olimpiya çempionu, Yaponiya millisinin sabiq baş məşqçisi, JUDOs QHT-nin rəhbəri İnoue Kosey açılış mərasimi üçün hazırladığı video müraciətdə bildirib ki, cüdo insanların fiziki və mənəvi inkişafına töhfə verir. Azərbaycan cüdosunun dünyada yaxşı tanındığını qeyd edən Olimpiya çempionu, cüdonun Azərbaycanda daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib və yarış iştirakçılarına uğurlar arzu edib.
Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.