Binə Atçılıq Mərkəzində çövkən oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilir

Avqustun 6-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilir.

Final görüşündən əvvəl “Odlar yurdu” şousu nümayiş olunub.

Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən yarışın son görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparır.

Xatırladaq ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni reytinqə sahib olan komandalar arasında A Qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B Qrupundan isə “Buta Qolden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanıb. Yarımfinal oyunlarında “Buta Qolden” komandası “Sərhədçi Dilbaz” komandası üzərində 5:3 hesablı, “Polad” komandası isə “Köhlən” komandası üzərində 4:0 hesablı qələbə əldə edib.

“Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında Şuşa kubokunda üçüncü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

azertag.az

Müəllif: Bəhruz MƏMMƏDOV