Güləşçilərimiz İHO-nun ilk günündə 6 medal qazandılar

ESTAFET/ Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına start verilib.

Konya Texniki Universitetində təşkil olunan yarışın ilk günündə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da, qadın güləşində isə 50 və 59 kq-da mübarizə baş tutub.

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq) ilk görüşdə qırğızıstanlı Almaz Smanbekova (4:13) məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və seneqallı Omar Fayeyə "tuşe" ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Rzazadə 3-cü yer uğrunda tacikistanlı Hikmətulla Vahidovla qarşılaşıb. Gərgin keçən qarşılaşmada 8:7 hesablı qələbə qazanan Əliabbas bürünc medala sahib olub.

Hacı Əliyev (65 kq) 1/4 finalda iranlı Morteza Çekayla gərgin görüş keçirib. Hakimlərin mübahisəli qərarları fonunda hesabda 1:4 geriyə düşən titullu güləşçimiz son saniyələrdə geridönüş etməyi bacarıb. Rəqibi üzərində 8:4 hesablı əzmkar qələbə qazanan Əliyev yarımfinalda özbəkistanlı Ümid Cəlalovdan güclü olub – 4:0. Hacı finalda albaniyalı Zəlimxan Abakarovla qarşılaşıb. Rəqibinə "tuşe" ilə qalib gələn Əliyev qızıl medala sahib çıxıb.

Turan Bayramov (74 kq) 1/4 finalda özbək İxtiyar Novruzov üzərində inamlı qələbə qazanıb - 8:0. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda əlcəzairli Abdelkader İkkala heç bir şans tanımayıb - 11:0. Bayramov finalda iranlıFiruzpubandpey Məhəmmədsadiq Bığlarla qarşılaşıb. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn Turan ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Abubakr Abakarov (86 kq) ilk görüşdə özbəkistanlı Azizbek Fayzullayevi vaxtından əvvəl məğlub edib - 11:0. Yarımfinalda türkiyəli Osman Göçenlə görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (7:6) qalib gələn Abakarov həlledici görüşdə iranlı Kərimimaçiani Əlirza Məhəmmədlə üz-üzə gəlib və zədələndiyi üçün gümüş medalla kifayətlənib.

İslam İlyasov (97 kq) ilk görüşdə qazaxıstanlı Mamed İbrahimova 1:3 hesabıyla məğlub olub.

Qadın güləşi

Mariya Stadnik (50 kq) A qrupunda qazaxıstanlı Svetlana Ankiçevaya (10:0) və türkiyəli Emine Çataloğluya (10:0), yarımfinalda isə tunisli Sara Hamdiyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəldi. Stadnikin həlledici görüşdə rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Bu rəqibinə də 10:0 hesabıyla qalib gələn dünya qadın güləşinin canlı əfsanəsi 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

59 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Alyona Kolesnik ilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya "tuşe" ilə qalib gəlib. Kolesnik 3-cü turdanigeriyalı AdekuoroyeOdunayoya 1:3 hesabıylaməğlubolub. Sonuncu - 4-cü turdatürkiyəliElmas Çelik üzərində də "tuşe" ilə qələbə qazanan Alyona gümüş medala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz ilk yarış günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Müəllif: Natiq NƏSİROV