Tanınmış soydaşımız Cesika Qədirova Avropa çempionu titulunu qazanıb

Xaricdə yaşayan soydaşlarımız idman sahəsində yeni uğurlar qazanmağa davam edir.

Bu dəfə Böyük Britaniyada yaşayan Azərbaycan əsilli Cesika Qədirova idman gimnastikası üzrə Avropa Çempionatında fəxri kürsünün ən yüksək pilləsini fəth etməklə azarkeşlərini və xalqımızı sevindirib.

Almaniyanın Münhen şəhərində 11–14 avqust 2022-ci il tarixində keçirilən çempionatda 17 yaşlı soydaşımız xalça üzərində hərəkətlərdə idman gimnastikası üzrə Avropa çempionu olub. İkinci və üçüncü yerləri İtaliya gimnastları Martina Macio və Anjela Andreolli tutub.

Qeyd edək ki, Cesikanın əkiz bacısı Cenifer Qədirova da gimnastdır. Onlar müxtəlif beynəlxalq yarışların qalibi və mükafatçısı olublar. Tokio Yay Olimpiya Oyunlarında isə komanda şəklində üçüncü yeri tutaraq, son 93 ildə ilk dəfə bu idman  növü üzrə Olimpiya medalını Böyük Britaniyaya qazandırıblar.

Bacıların valideynləri 2001-ci ildə Azərbaycandan Böyük Britaniyaya köçüblər. Əkizlər 2004-cü il 3 oktyabr tarixində İrlandiyanın Dublin şəhərində anadan olublar. İngiltərə və İrlandiya vətəndaşı olan Qədirova bacıları altı yaşlarından etibarən gimnastika ilə məşğul olurlar.

Diasporla İş üzrə Dövlət Komitəsi Avropanın yeni çempionunu və valideynlərini səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda davamlı uğurlar qazanmağı arzulayır.

Müəllif: Natiq NƏSİROV