Göygöldə gənclər təşkilatları üçün "yay-təcrübə-məktəbi" düşərgəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün 6 günlük yay təcrübə məktəbinə start verilib.

100 nəfər gəncin iştirak etdiyi düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə, gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünü inkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir.

Qeyd edək ki, proqram çərçivəsində ilk gün NAYORA-nın sədri Azər Əliyevin çıxışı ilə başlamış daha sonra NAYORA-nın Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın moderatorluğu ilə iştirakçıların şəbəkələşməsi məqsədilə komanda oyunları keçirilib.

Günün ikinci yarısı gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq, gənclərlə iş nədir və necə qurulmalıdır, gənclər siyasəti nədir, gənclər işçiləri nələri bilməlidir kimi mövzular ətrafında Fəxri Məhəmmədzadənin təqdimatında “Case-Study” baş tutub.

Günün sonuna doğru isə gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub. Bunun sayəsində təşkilat nümayəndələri təmsil etdikləri qurumu digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV