Gənc mühəndislərin yay düşərgəsinə start verildi
18 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində Gənc mühəndislərin yay düşərgəsi start götürüb.
Düşərgənin ilk günündə proqrama əsasən rəsmi açılış tədbiri baş tutub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev iştirakçıları salamlayıb. Mühəndislik sahəsində əldə olunan elmi nailiyyətlərin vacibliyindən danışan E.Babayev bəşəriyyətin gələcək mütərəqqi istiqamətlərinin mühəndislərsiz mümkün olmadığını qeyd edib. O, düşərgə müddətində gənclər üçün “Mühəndislikdə nanotexnologiya”, “Yaşıl gələcək – bioplastik və bioyanacaqlar”, “İqlim dəyişiklikləri”, “Enerji sərfiyyatı və istifadəsinin təşkili”, “Fossil və qeyri-fossil mənbələrə əsaslanan texnologiya”, “Sənaye-4.0” mövzularında təlim, mühazirə, seminar, debat və ustad dərslərinin keçiriləcəyini diqqətə çatdırıb.
Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlim keçirilib. Gün ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün “Theta healing” təlimi, meditasiya, intellektual-əyləncəli oyunlar baş tutub.
Düşərgənin ikinci günündə AMEA Elmi-təşkilat İdarəsinin rəis müavini, texnika üzrə fələsfə doktoru, dosent Hüseyn Hüseynov və həmin idarənin Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovun gənclərlə görüşü təşkil olunub.
Avqust ayının 23-dək davam edəcək yay düşərgəsinə ölkə üzrə müxtəlif regionlarda yerləşən elm və təhsil müəssisələrində çalışan gənc alim, mütəxəssis və mühəndislik ixtisası üzrə təhsil alan tələbələr cəlb olunublar.
Düşərgə müddətində gənclər üçün elmi öyrədici təlim və dərslərlə yanaşı, komandalar halında işlər, elmi-əyləncəli, intelektual oyunların, idman yarışlarının təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə də Gənclər və İdman Nazirliyi və AMEA GAMŞ-ın birgə təşkilatçılığı ilə Lənkəranda Gənc alimlərin yay düşərgəsi və Mingəçevirdə Gənclərin innovasiya düşərgəsi təşkil edilmişdi.