"Səhəri badmintonla aç" şüarı altında açıq havada badminton təşkil olunub
ESTAFET/ Azərbaycan Badminton Federasiyası yay aylarında bu idman növünün kütləviliyi istiqamətində #airbadmintonchallenge- açıq havada badminton master-klasslarını keçirməkdə davam edir. Bu dəfə Dənizkənarı Milli Parkda "Səhəri badmintonla aç" şüarı altında açıq havada badminton təşkil olunub. Azərbaycan Badminton Federasiyası və Səbail Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub. Həftəsonu asudə vaxtının səmərəli keçirilməsinə xidmət edən #airbadmintonchallenge iştirakçıları arasında müxtəlif əyləncəli oyunlar və hədiyyəli viktorinalar təşkil olunub.
Tədbir zamanı sağlam həyat tərzinin təbliği istiqamətində aşbazlar tərəfindən iştirakçılara düzgün qidalanma mövzusunda məlumat verilib və hazırlanmış xüsusi təamlar təqdim olunub. Tədbirin yekununda bir neçə valideyn uşaqlarını badminton bölmələrinə yazdırıb. Azərbaycan Badminton Federasiyası tərəfindən Bakı ilə yanaşı daha öncə Lənkəranda, Qubada və Göygöldə açıq havada badminton master-klassları təşkil olunub. Məqsəd əhali arasında badmintona maraq oyatmaq və bu idman növünü hamı üçün əlçatan etməkdir.