Sofiyada tarixi uğura imza atan komandamız vətənə qayıdıb - VİDEO

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

119 xalla komanda hesabında dünya ikincisi olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və milli üzvlərinin yaxınları qarşılayıb.

Nurəddin Rəcəbov, böyük məşqçi:

“Bilirdik ki, bizi ağır yarış gözləyir. Bir neçə komandayla birgə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Vitaminlə təmin olunmuşduq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə idi. Nəticə də göz qabağındadır. DÇ-də 50-ə yaxın ölkə təmsil olundu. 3 qızıl və 2 gümüş bürünc medal qazandıq. Komanda hesabında 2-ci yeri tutduq. Son 8 ilin ən yaxşı nəticəsinə imza atdıq. Hər kəsi təbrik edirəm. Hətta bundan da yaxşı nəticə gözləyirdim. Bəzi çəkilərdə gözlədiyimiz nəticəni ala bilmədik. Bu da zədələrlə bağlıdır. Bizim üçün çətin olacağını bilirdik. Çünki 97 və 130 kq-da təmsil olunmurduq. Ancaq güvəndiyimiz idmançılarımız var idi. Tarixi nəticəyə imza atdıq. Bu gənclərimizə hətta qarşıdakı Olimpiya Oyunlarında da etimad göstərmək olar. Taktiki-texniki hazırlıqları qaydasındadır”.

Nihad Quluzadə, dünya çempionu:

“Bu il Avropa və dünya çempionu oldum. Bir illik əziyyətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Gənclərdəki son ilimi uğurla başa vurdum. Dünya çempionu olduğum üçün çox sevinirəm. Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi. Şükür Allaha, ona da qalib gəldim. Finalda AÇ-də məğlub etdiyim Rumıniya güləşçisiylə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum”.

Kənan Abdullazadə, dünya çempionu:

“5 görüş keçirdim. Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısıyla qarşılaşdım. Avropa çempionatında ona məğlub olmuşdum. Bu dəfə revanş aldım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.

Qurban Qurbanov, dünya çempionu:

“Federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdaram. 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olmuşdum. Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim. Allaha şükürlər olsun, əziyyətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.

Xatırladaq ki, DÇ-də Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb.

Müəllif: Natiq NƏSİROV