Neftçala rayonunda çimərlik voleybolu üzrə rayon birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı “Milli Olimpiya Komitəsi”nin yaranmasının 30 illiyi münasibəti ilə keçirilən çimərlik voleybolu üzrə rayon birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, təşkilatçı qurum rəhbəri Araz Əhmədov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Birincilik uğrunda gərgin mübarizə şəraitində keçən çimərlik voleybolu Neftçala rayonunda fəaliyyət göstərən 32 idarə, müəssisə və təşkilatdan ümumilikdə 40 komanda arasında 23-26 avqust 2022-ci il tarixlərdə Şirvanlı kəndi ərazisində, Xəzər dənizi sahilində həyata keçirilib.

Final mərhələsində Qırmızıkənd kənd və Aşağı Surra kənd İƏDN-lərinin komandaları qarşılaşıb, Qırmızıkənd komandası 2:1 hesabı ilə I yerin qalibi olub, Aşağı Surra komandası isə II yerə layiq görülüb.

III yer uğrunda mübarizədə isə Cəngan kənd İƏDN-nin və Xıllı qəsəbə 1 saylı tam orta məktəbin komandaları qarşılaşıb və 2:1 hesabı ilə Cəngan komandası III yerdə qərarlaşa bilib.

Qalib komandaların bütün üzvləri Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq medallarla, komanda kapitanları diplomla, Qırmızıkənd komandası isə eyni zamanda kubokla təltif edilib.

Böyük əmək sərf edən və əzmkarlıq nümayiş etdirən hakim və voleybolçularımız isə “Ən yaxşı hakim” və “Ən yaxşı voleybolçu” nominasiyaları üzrə müvafiq diplomlarla təltif edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV