Bakıda Novruz bayramına həsr olunmuş kütləvi idman və əyləncə tədbiri keçirildi

Martın 18-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nərimanov rayonu ərazisində, yeni istifadəyə verilmiş parkda əyləncəli Novruz şənliyi keçirib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə alpinizm, ağırlıqqaldırma, basketbol, badminton, boks, cüdo, bədii gimnastika, güləş, kapoeyra, karate, kanoe və avarçəkmə, qılıncoynatma, zorxana, mas-reslinq, milli güləş, şahmat, taekvondo, velosiped idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub. Tədbirdə səyyar "Sağlam həyat" layihəsi təşkil olunub.

İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Bununla yanaşı, iştirakçılar nazirlik tərəfindən təşkil edilən yoqa təlimində də fəal iştirak edərək mütəxəssislərin rəhbərliyi ilə yoqa hərəkətlərini yerinə yetiriblər.

Müəllif: Bəhruz MƏMMƏDOV