"BAKI YADDAŞIMDA XÜSUSİ ŞƏHƏR TREKİ KİMİ QALIB" - FERSTAPPEN
ESTAFET/ Formula 1 komandası olan "Red Bull Racing"in hollandiyalı pilotu Maks Ferstappen Bakı treki haqqında fikirlərini bölüşüb: - “Bakı mənim yaddaşımda xüsusi şəhər treki olaraq qalıb. Bu trek çox geniş hissələrlə yanaşı çempionatın bütün trekləri içərisində ən dar hissəyə də sahib olmaq baxımından unikaldır. Trekin 2-ci bölməyə düşən hissəsi Monakoda olan dar hissədən daha ensizdir və həmçinin burada yarışmaq olduqca çətindir. İçərişəhərə tərəf sürmək və Qala qapılarının yanından keçmək əyləncəli olmaqla yanaşı həm də çətindir. Lakin tamaşaçı olaraq burada yarışı izləmək olduqca maraqlıdır. Trekin bu hissəsi ən çox sevdiyim yerdir. Sürətlənmə hissələrində sürətli olursan, lakin bu hissələrdə bolid uzun müddət eyni tempdə getdiyindən sənə müəyyən dərəcədə rahatlıq verir.
Qaldığımız otel çox gözəl və yeni olmaqla yanaşı həm də Paddok ərazisinin tam yanında yerləşir. Ötən il çıxıb ətrafı gəzmək fürsətim olmamışdı. İçərişəhər ətrafında sürmək olduqca əyləncəlidir və bu il bir axşam vaxt edib həmin yeri ziyarət etmək və daha yaxından tanış olmaq istəyirəm”.