Anım gününə həsr olunan "ZƏFƏR YOLU" turniri başlayır
ESTAFET/ Azərbaycanda kiber idman üzrə yarışları təşkil edən Gaming League Azerbaijan (GLA), Azərbaycan Kiber İdman Federasiyası və TOPaz-ın dəstəyi ilə yeni turnirə start verib. GLA “Zəfər Yolu” adlı turnirdə silsilə yarışlara təşkilatçılıq edəcək.
“Zəfər Yolu” çərçivəsində ilk yarış “Counter Strike - Global Offensive” üzrə turnir olacaq. Yarışda 20 komanda mübarizə aparacaq. Reqlamentə əsasən iştirakçılar ilk mərhələdə hər birində 8 komandanın yer aldığı 2 qrupda yarışacaq. Hər qrupda ilk üç yerin sahibi pley-offa yüksələcək. Pley-offda qələbə qazanacaq komandalar müvafiq olaraq əvvəlcə 1/4 , sonra isə yarımfinal və finala adlayacaq.
Turnir twitch.tv/glahub və gla.az saytında canlı yayımlanacaq.
“Zəfər yolu” çərçivəsində keçirilən Valorant üzrə “Zəfər Liqası”nda isə 8 komanda iştirak edəcək. Oktyabrın 19-da başlayacaq “Zəfər Liqası” noyabrın 11-də yekunlaşacaq.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov “Zəfər Yolu” turnirinin ikiqat əhəmiyyətli olduğunu deyib: “Biz təkcə kiber idmanın inkişafı deyil, həm də gənclərin asudə vaxtının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaq olması eləcə də onlara vətənpərlik hisslərinin aşılanması istiqamətində yarışlar təşkil edirik. 44 günlük müharibədən sonra təqvimdə azərbaycanlılar üçün xüsusi məna daşıyan Zəfər günü yarandı. Turnirin “Zəfər Yolu” adlandırılması Azərbaycan Ordusunun qazandığı qələbələri daim xatırladığımızı göstərir. “Counter Strike - Global Offensive” və Valorant oyunlarını seçməyimizə səbəb ölkədə bu növlərin çox sevilməsidir”.
Qeyd edək ki, Gaming League Azerbaijan ötən illərdə “Xarı Bülbül” “Xəmsə” və “GLA SUMMER CUP” adlı beynəlxalq yarışlara təşkilatçılıq edib.