Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən xeyriyyə tədbiri

ESTAFET/ Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Daun xəstəlik deyil, fərqlilikdir” adlı xeyriyyə tədbiri keçirildi.

Xeyriyyə tədbirində bir çox idman federasiyaları, tanınmış idmançılar, ictimai birliklər iştirak etdi.

Tədbirdə ilk olaraq Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova çıxış etdi. Bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var: “Həm onlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir”.

Daha sonra Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov çıxış etdi. O, bildirdi ki, tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və Daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir:

“Bu gün ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün isə biz onların görüşünə gəlmişik. Ümid edirik ki, bu görüş davamlı olar”.

Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olundu. Eyni zamanda proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar təşkil olunmaqla yanaşı, idmançılarımızla mərkəzdə təhsil alan uşaqların müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar göstərildi.

Müəllif: Bəhruz MƏMMƏDOV