FHN-in Akademiyasında və İdman-sağlamlıq klubunda "açıq qapı" günü keçirilib

ESTAFET/ Azərbaycan Respublikası Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və İdman-sağlamlıq klubunun dəstəyi ilə “LANDAU SCHOOL” liseyinin 5-8-ci sinif şagirdləri üçün “açıq qapı” günü təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin FHN-in yaranma tarixi, inkişafı və fəaliyyəti barədə məlumatlandırılması, məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına kömək etmək olub.

İlk olaraq məktəblilər Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Şagirdlər Akademiyanın muzeyi, fənn kabinetləri, laboratoriyalar, kitabxana, xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları ilə də tanış olublar. Həmçinin, uşaqlarla fövqəladə hallarla bağlı davranış qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra isə FHN-in İdman-sağlamlıq klubunda olan şagirdlər burada yaradılan şəraitlə tanış olublar. Klubun rəisi polkovnik Füzuli Musayev uşaqlarla görüşərək klubda fəaliyyət göstərən 2000 tamaşaçı yerlik universal zala, fitness, cüdo, boks, güləş, karate və taekvando zallarına, üzgüçülük hovuzuna baxış keçiriblər. Sonra məktəblilər klubda yaradılmış muzey ilə də tanış olublar. Şagirdlərə klubun fəaliyyətindən, əməkdaşların və klubun üzvlərinin dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə qazanılmış uğurlarından, uşaq, gənc və yeniyetmə idmançıların sağlam və vətənpərvər ruhda yetişməsindən, onların yarışlara hazırlıq prosesindən söhbət edilib və suallar cavablandırılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV