Avropa Kanoe Assosiasiyasının prezidenti Bakıda səfərdə olub
ESTAFET/ Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Woods Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi ilə bağlı Bakıda səfərdə olub. Səfər çərçivəsində Albert Woods ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbərliyi arasında görüş baş tutub. Görüşdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov assosiasiyanın prezidenti ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.
Görüş zamanı Albert Woodsa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdiyi qayğıdan danışılıb. Qeyd olunub ki, müstəqillik illərində Azərbaycan idmançıları çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə edib. Eyni zamanda, avarçəkmə idman növünün hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ildə bir neçə yarış təşkil edib. Bu yarışlar arasında 6-7 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan”Prezident Kuboku” və 21-23 oktyabr tarixlərində keçirilən “Mingəçevir Reqatası” beynəlxalq turnirlərdir.
Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Woodsla AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Albert Woods Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək fəaliyyətində uğur arzu edib. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.