İdman jurnalistləri üçün beynəlxalq təcrübə şansı

ESTAFET/ Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) yeni layihəsini təqdim edir.

Yaradıcılığında idman mövzusuna üstünlük verən, ingilis dilini yaxşı bilən reportyorlarımızın beynəlxalq təcrübəyə yiyələnmələri və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələri məqsədilə mübadilə proqramlarına start verilir.

Bu sahədə dünya öncülləri sırasında yer alan Pakistan İdman Yazarları Federasiyası (PSWF) ilə birgə 20-24 dekabr tarixlərində ZOOM platforması üzərindən müasir dövrün tələblərinə uyğun "Rəqəmsal İdman Jurnalistikası" (Digital Sport Journalism) mövzusunda ödənişsiz təlim-seminar keçiriləcək. Qardaş ölkənin nüfuzlu media qurumlarının peşəkarları, həmçinin AIPS prezidenti Canni Merlo, AIPS Europe prezidenti Çarles Kamenzuli, AIPS Asia Baş katibi Malik Amjad Aziz iştirakçılarla öz bilik və təcrübələrini bölüşəcəklər. Təlimin sonunda jurnalistlərə Beynəlxalq Rəqəmsal Media sertifikatları təqdim olunacaq. 

Yekunda onlayn təlimlərdə fəallığı ilə fərqlənən 4 nəfər ölkənin aparıcı media qurumlarında 5 günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla Pakistan paytaxtı İslamabada göndəriləcəklər.

Təlimdə iştirak üçün bu ünvana daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz.

Əlaqə: Nərgiz Mahmudzadə - nargizmahmudzada@gmail.com

Müəllif: Natiq NƏSİROV