AKAF ilin ilk idman yarışına paytaxtda start verdi
ESTAFET/ Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib. Turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər. İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər. Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıb.
Tədbir zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb. Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.